Oğuz Səltənəti - Altay Məmmədov - Baki - 1992 - Kiril - 304s

6673
0
2016/4/12
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 1

OĞUZ SƏLTƏNƏTI
(Oğuz Saltanatı)
اوغوز سلطنتی
Altay Məmmədov
Bakı-1992
Kiril

Turan sirri: Alp Ər Tonqa

Alp Ər Tonqa və onun hökmdarı olduğu Turan dövləti haqqında olan mənbələrin azlığından və mövcud olan mənbələr də şifahi xalq ədəbiyyatına və dini rəvayətlərə əsaslandığından bu mövzu ətrafında müxtəlif mülahizələrin yaranmasına səbəb olub. Lakin buna baxmayaraq böyük türk xaqanı Alp Ər Tonqanın (orta əsr şərq mənbələrində Əfrasiyab) kimliyi zaman baxımından bir-birindən xeyli uzaq olan iki mühüm mənbə əsasında qismən açıqlana bilir.  Bunlardan biri Azərbaycan ərazisində formalaşmış müqəddəs kitab hesab edilən Avesta, digəri isə Türküstanda yaşamış Mahmud Kaşğarlının “Divani-lüğət ət-Türk” əsəridir.

Birinci mənbəmiz Avesta olduğundan ilk olaraq orada Franqrasyan adlanan və Alp Ər Tonqa hesab edilən Turan hökmdarı barədə olan məlumata diqqət yetirək. Avestanın Yaştlar kitabının Ardvisur-Yaşt bölməsinin XI hissəsində Turanlı Franqrasyanın Vorukaş (Xəzər) dənizinin ortasında yerləşən Xvarnonu (xvarnonu əldə edən şəxs xoşbəxtlik qazanır və ilahi qüdrət sahibi olur) ələ keçirmək üçün Anahit Ardvisura qurban gətirməsi, lakin ilahə Anahitin bu qurbanı qəbul etməməsi və ona bu zəfəri bəxş etməməsi qeyd olunur:

“Ona qurban gətirdi əsli Turanlı olan,

Uçurum qırağında bədəməlli Franqrasyan.

Min cöngə, 10 min qoyun, bir də yüz at gətirdi.

O da Ardvisurdan belə dilək dilədi:

“Ey xeyirxah, qüdrətli Anahit Ardvisur,

Mənə elə bir uğur nəsib elə, yetir ki,

Vorukaş dənizinin ortasında nur saçan,

Bu günün, gələcəyin Ari yurdundan olan,

Zərdüştə mənsub olan, Artaya sədaqətli-

Cah-cəlallı Xvarno ölkəsi var qiymətli

Qoy ona sahib olum, onu ələ keçirim”.

Xeyirxah və qüdrətli Anahit Ardvisur

Ona belə bir uğur, səlahiyyət vermədi.

Təbii ki, Avestanın uzun müddət fars sülalələsi olan Əhəməni və Sasanilərin dövlət ideologiyasına çevrildiyindən bütün hallarda “ilahə”lərin Turan hökmdarlarının istəyini qəbul etməməsi normal qarşılanmalıdır. Necə ki, bu hadisə sonralar “Şahnamə”də təkrar olunduğundan Firdovsi qızıl sikkələr əvəzinə gümüşlə mükafatlandırılır. Bizim üçün burada gərəkli olan Turanlı Franqrasyanın hər hansı bir uğur əldə etmək qüdrətində olmasıdır, yəni əfsanə hesab edilən Turan dövlətinin bir növ gerçəkliliyinə olan sübutdur.

Avesta mətnlərinə görə, Franqrasyan Traytaonun varisi, Turan hökmdarı Paşanqın (Peçeneqin) övladıdır. Burada mütləq haşiyə çıxaraq Avestada İran-Turan qarşıdurmasının əfsanəvi mahiyyətinə diqqət yetirməliyik: Paradata sülaləsinin beşinci hökmdarı Atvinin oğlu Traytaona Yimin bacıları Arnavak və Saxnavakla evlənir və onlardan 3 oğlu olur: Sayrim, Tur və Arya. Traytaona qocaldığı zaman səltənəti bu 3 övladı arasında bölür: Ayranam-Vayca və Ərəbistan Aryaya, Rum və qərb torpaqları Sayrimə, Çin və Turan isə Tura verilir. Bundan sonra Arya arilərin, Salm sarmatların, Tur isə turların əcdadı olur. Lakin bu bölgüyə Sayrim və Tur razılaşmırlar və 12 ildən sonra Aryanı öldürürlər. Bununla da İran-Turan ziddiyyətlərinin əsası qoyulur. Daha sonra Aryanın varislərindən Manuşçihr turlarla mübarizəyə başlayaraq Salm və Turu öldürür və bu hadisənin ardınca çoxillik mübarizə daha da kəskin xarakter alır. Manuşçihrin dövründə isə Turanlılara başçılıq edən Franqrasyan (və ya Frasiyaq) qalib gəlir və 12 il hakimiyyətdə olur. Hakimiyyətdə olduğu müddətdə Franqrasyan müqəddəs xvarnonu ələ keçirmək üçün 3 dəfə Vorukaş dənizinə baş vursa da, onu əldə edə bilmir. “Zamyad-Yaşt”ın 8-ci bölməsində artıq hər dəfə lüt-üryan Vorukaşa dənizinə baş vuran, lakin ona-xvarnoya yaxınlaşdıqca ondan uzaqlaşmasına əsəbiləşən Turanlı Franqrasyan anlaşılmaz bir dildə (çox güman ki, əski türkcə) hətta söyüş də söyür:

Və çıxdı Franqrasyan,

Turların ən mübarizi, qoçağı.

Vorukaşa dənizindən,

Bağırtıyla söyərək:

“İte-ita-yatna-axmay…

Ötənlərin, köçənlərin,

Ari ölkələrinin hökmdarlarının,

Əldə etdikləri

Xvarnonu mən əldə edə bilmərəm

Zərdüşt-Spitamaya məxsus olanı

Mən əldə edə bilmərəm

Franqrasyan adı isə sonrakı mənbələrdə Frasiyak-Frasiyab və nəhayətində Əfrasiyab formasına düşür. Avesta mətnlərində turanlı Franqrasyanın Xosrov tərəfindən Çayaçesta(Urmiya) gölü ətrafında öldürüldüyü qeyd olunur. Tədqiqatçılar arasında ikinci bir mühüm polemika da məhz burada meydana çıxır. Franqrasyan və ya Alp Ər Tonqa kiminlə və hansı dövlətlə vuruşmada öldürülür?

Bu günə qədər olan ortaq fikrə görə Alp Ər Tonqa İran hökmdarı Keyxosrovla olan döyüşdə xəyanət sonucunda qətlə yetirilib və bu hadisə İran-Turan ziddiyyətinin ana xətlərindən hesab edilir. Və digər bir fikrə görə bu hadisə İsanın doğulmasından 625 il əvvəl baş verib və “Şahnamə”də Keyxosrov adlanan hökmdar Mada çarı Kiaksardır. Ziddiyyət açıq aşkar ortadadır. Bir tərəfdən Mada və Əhəməni imperiyaları dövrünün olaylarını bizlərə çatdıran və tarixin atası ünvanını daşıyan Herodot madalılarla farsların tamamilə başqa xalqlar olduğunu və Astiyaqın hakimiyyəti madalılara deyil, onların qulları olan farslara verdiyi üçün xəyanətkar Qarpağı ağılsızlıqla suçlamasını qeyd etdiyi halda, digər tərəfdən Alp Ər Tonqanın farslar tərəfindən öldürülməsini tədqiqatçılar aksioma hesab edirlər. Sadəcə olaraq Alp Ər Tonqanın digər bir türk xaqanı ilə savaş aparmasını qəbul etmək istəməyən tədqiqatçılar (hansı ki, hətta orta əsrlər dövründə biz bunu Sultan Səlimlə Şah İsmayıl, Teymurla I Bəyazid, Teymurla-Toxtamış, Cahan şahla Sultan Həsən və d. arasında görməkdəyik) Firdovsinin şovinizmə əsaslanan “Şahnamə”sinə aldandıqlarını görməkdəyik.

Qeyd edək dövrün ən müfəssəl izahını yazan Herodot qəti şəkildə madalılarla farsları ayrı-ayrı xalq hesab edir və bunu “Tarix”in Astiaq-Kir-Qarpaqla olan bölümlərdə qeyd edir. Eyni zamanda Herodot iskitlərlə (bir çox tədqiqatçı Alp Ər Tonqanın iskit-sak xaqanı olmasını bildirir) Mada hökmdarı Kiaksar arasında baş verən müharibənin səbəbkarının iskitlər olmasını qeyd edir: “Fraortanın ölümündən sonra hökmranlıq onun oğluna, Deyokun nəvəsi Kiaksara keçir…Kiaksar assurları yenib Nini mühasirəyə almağa başlayan zaman başda Protofieyin (və ya Partatuanın) oğlu hökmdar Madiyes olmaqla iskitlərin böyük qoşunu onun hökmdarlığının sərhədlərinə soxulur…Onda Kiaksar və midiyalılar bir dəfə çoxlu iskiti qonaq çağırıb keflənənəcən içirtdilər, sonra onları qırdılar. Midiyalılar öz hökmdarlarının əvvəlki əzəmətini belə bərpa edir……”

Burada xüsusilə onu qeyd edək ki, bir sıra tədqiqatçılar Madanı ələ keçirən iskitlərin başçısı Madiyesin (Madi) əslində Alp Ər Tonqa olduğunu qeyd edirlər. Çünki məhz Madada iskitlərin hakimiyyətə gəlməsi onun hakimiyyəti dövründə baş verib. Madiyes haqqında görkəmli tədqiqatçı Altay Məməmdov “Oğuz səltənəti” adlı əsərində yazır: “İşquz çarlığı dövründə ən çox qələbələr qazanmış çar Madi olmuşdur. Məhz Midiya üzərindəki qələbədən sonra işquzların Asiya üzərindəki 28 illik hegemonluğunu o təmin etmişdir. Misir, İsrail, Şam üzərinə müvəffəqiyyətli hərbi səfərlər Madinin başçılığı altında olmuşdur”. Bəzi tədqiqatçılar isə Madinin atası Partatuanın adının Alp Ər Tonqa adına uyğun gəlməsini irəli sürərək əslində Partatuanın Alp Ər Tonqa olması fikrinə sahibdirlər.

Ümumiyyətlə, bütün bu ilkin ehtimallardan belə nəticəyə gəlmək mümkündür ki, iskitlərin Madada 28 illik hökmranlığı əslində Turan xaqanlığının ən möhtəşəm dövrü olub və Herodotun da qeyd etdiyi kimi, Madanı tutduqdan sonra qoşunları Misirə doğru irəliləyəcək qüdrətdə olub.        Alp Ər Tonqanın və ya Frasiyakın iskit xaqanı Madiyes olması bir çox tədqiqatçı tərəfindən dəstəklənsə də, Frasiyakın həmçinin Midiyanın sonuncu çarı Astiyaq ola bilməsi haqqında da maraqlı fikirlər mövcuddur. Tədqiqatçı İsrafil Hüseyn “Alp Ər Tonqa-Əfrasiyab-Astiyaq bədii və tarixi mənbələrdə” adlı araşdırmasında rəvayətlərdə adı çəkilən Frasiyaqın Astiyaq olduğunu, Keyxosrovun isə Midiyada türk hakimiyyətinə son qoyub farsların hökmranlığa gətirən II Kir (Kuruş) olduğunu bildirir və mühüm arqumentlərlə fikrini isbatlayır. Xüsusilə Herodotun “Tarix”ində verilən Astiyaq əfsanəsi sırf Mada (Turan) ilə gələcək Əhəmənilər arasındakı münaqişədən bəhs edir və əslində əfsanələrdən fərqli olaraq İran-Turan ziddiyyətinni başlanğıcı Astiyaqın qız nəvəsi Kirin xəyanətkar Qarpaqla birlikdə farsları midiyalılara qarşı üsyana qaldırması hesab edilməlidir. Frasiyaq və Astiyaq adlarının bir-birinə yaxınlığı və Astiyaq əfsanəsi ilə Avestada verilən rəvayətlər arasındakı paralellər bu fikri daha da gücləndirir. Lakin Alp Ər Tonqanın kefləndirilərək öldürülməsi isə qəti şəkildə iskit xaqanı Madiyeslə əlaqədardır. Üstəlik, Herodot Astiyaqın oğul övladının olmamasını qeyd edir, halbuki Alp Ər Tonqanın Barman və Barsaqan adlı iki oğlunun olması Türk dastanlarında göstərilir. Həmçinin Herodotda II Kirin Astiyaqı sağ saxlaması qeyd olunduğu halda, Alp Ər Tonqanın əsir düşdükdən sonra öldürülməsi digər mənbələrdə bildirilir. Bütün bu fikirləri ümumiləşdirərək ilkin olaraq belə nəticə çıxarmaq mümkündür ki, Alp Ər Tonqa timsalında iki hökmdar- Madanın sonuncu xaqanı Astiyaq və qüdrətli İskit xaqanı Madiyes dastanlaşdırılıb. Yəni dastanın müəyyən hissəsi Astiyaqı, digər hissəsi isə Madiyesi (assur mətnlərində Maduva) əhatə edir. Və əsas olan budur ki, Keyxosrov Mada xaqanı Kiaksar deyil, məhz Əhəməni şahı II Kirdir. Əfsanə hesab edilən Turan dövləti isə iskitlərin Midiyada 28 illik hakimiyyətdə olduğu müddətdə Mada-iskit birləşməsinin ümumi adı olub. Və belə ehtimal etmək olar ki, iskitlər m.ö VII əsrdə İdil çayı ətrafından gələrək Dəmirqapı Dərbənddən keçərək Ön Asiyaya gəlirlər və Madada hakimiyyəti ələ aldıqdan sonra İran-Xorasan yolu ilə Türküstan ərazilərinə yönəlirlər və burada bir sıra şəhərlər salırlar və nəhayətində farslarla mübarizə sonucunda məğlub olurlar. Məhz buna görədir ki, Turan xaqanlığının əraziləri kimi Kaşğardan Urmiya gölü ətrafına qədər olan bir çox ərazilər göstərilir.

İndi isə ikinci mühüm mənbə hesab edilən Kaşğarlı Mahmudun “Divan”ına nəzər yetirək. Alp Ər Tonqanın xəyanət nəticəsində öldürülməsi bu mühüm mənbədə 11 ağı ilə qeyd olunur. Ümumiyyətlə, türk dastanlarında Alp Ər Tonqanın şəhərləri kimi Balasaqun, Ordukənd (Kaşğar), Quzey Azərbaycanda Şabran və Bakı, güneydə Qəzvin qeyd olunur. Qəzvin şəhərinin Alp Ər Tonqanın qızı Qaz tərəfindən salınması haqqında məlumatlar vardır. Digər tərəfdən Orxon abidələrində Tonqra tigin matəminin keçirilməsi barədə bilgilər mövcuddur. Belə ki, 714-cü ildə Uyğurların yaşadığı Beşbalıq şəhərinin mühasirəyə alındığı zaman Tonqra tiginin yuğ-yas mərasiminin keçirildiyi günə təsadüf olunduğu qeyd olunur. Kaşğarlı Mahmudun məlumatına əsasən bütün Türk xaqanlarının soy kökü Alp Ər Tonqadır və bu soydan olmayanlar “xan” və “xaqan” titullarını daşıya bilməzlər. Məhz buna görədir ki, Qaraxanlılar özlərini “Ali-Əfrasiyab” adlandırırdılar. Tarixçi Cüveyni uyğur xaqanlarının, Əbülqazi Bahadır xan “Şəcəreyi-Tərakimə” əsərində isə səlcuqların Əfrasiyab soyundan olduğunu bildirir. Tarixçi Fəxrəddin isə yazır: “Türklərin padşahı, son dərəcə müdrik və ağıllı adam kimi tanınan Əfrasiyabın kəlamları içərisində belə bir kəlam da var: “Türk balıqqulağı içindəki mirvarini xatırladır, nə qədər ki, o öz qınındadır heç bir qiyməti yoxdur. Lakin balıqqulağının içindən çıxan kimi o qiymətə minir, padşahların taclarını, şahzadə xanımların boyun-boğazını və qulaqlarını bəzəyir”

Alp Ər Tonqa şəxsiyyətinə Mahmud Kaşğarlı ilə yanaşı dövrün digər bir türk bilgini Yusif Balasağunlu da toxunub və o 1069-cu ildə qələmə aldığı “Qutadqu-Bilik” adlı əsərində yazır: “Türk bəyləri arasında Alp Ər Tonqa öz biliyi və şücaəti ilə seçilirdi. O, hər şeyi bilir və başa düşürdü. Bu dünya nə qədər seçilmiş və bacarıqlı qəhrəmanları udmuşdur. Taciklər Alp Ər Tonqanı Əfrasiyab adlandırırlar”.

Bütün bunlardan belə nəticə çıxır ki, müxtəlif dövrlərdə tarixçi və dastançılar real türk hökmdarları ilə qüdrətli Alp Ər Tonqa və ya Əfrasiyabı qarışdırıblar. Məsələn, İran tarixçisi Əlaəddin Ata Malik Cüveyni 1259-cu ildə farsca yazdığı “Tarixi-cahan-guşə” əsərində Alp Ər Tonqanın qüdrətli Uyğur xaqanı Buku xanla eyniləşdirir və Buku xanın digər bir adının Əfrasiyab olduğunu qeyd edir. Moğol tarixçisi Mirzə Heydər Duğlat 1541-1547-ci illərdə yazdığı “Tarixi Rəşidi” əsərində Əfrasiyab haqqında yazır: “Kaşğar qədim və məşhur bir şəhərdir. Qədim zamanlarda Kaşğar sultanları moğolların Buqa xan dedikləri Türk Əfrasiyabın ailəsindəndir. Onun şəcərəsi belədir: Firudin oğlu, Tur oğlu, Dad oğlu, Naşin oğlu, Piş oğlu Əfrasiyab”. Buddist uyğur şairi Ki Ki də Əfrasiyabın uyğur xaqanı Bögü xaqan olmasını qeyd edir və bu hadisə 1334-cü ildə hazırlanmış və hazırda Çinin Qansu əyalətinin Vu-vei İli muzeyində saxlanılan “Koçu Uyğur xaqanlığı Töhpe” abidəsində də öz əksini tapıb. Bu abidə ilə yanaşı uyğur türkləri arasında Əfrasiyabla bağlı xalq arasında gəzən rəvayətlər də mövcuddur. Toy mərasiminin yaranması haqqında olan rəvayətdə uyğurlar arasında evlənmə adətinin və şəhərsalma mədəniyyətinin əsasının, dəfnetmə ilə bağlı rəvayətlərdə isə cəsədlərin sandığa qoyularaq gömülməsinin, digər bir rəvayətdə isə beşiyin əsasının Əfrasiyabın vaxtında qoyulması haqqında məlumatlar verilir.  Uyğur rəvayətlərində bizim üçün maraqlı olan iki şəxs adının çəkilməsidir. Ölügömmə ilə bağlı rəvayətdə Əfrasiyabın atasının adı Uluğ Tor (Avestadakı Tur ilə səsləşir), beşiyin yaranması ilə bağlı rəvayətdə isə arvadının adının Böşük (Beşik) olması qeyd olunur. Başqa bir uyğur rəvayətində Əfrasiyabın çalğı alətlərinin yaradıcısı olması, digər bir rəvayətdə özünə 7 şəhəri (Ərdəbil, Suddikut, Korla, Turfan, Hoten, Almalı, Balasaqun) paytaxt seçməsi, yuxuda cənnəti görməsi və şəhərlərində cənnət meyvələri yetişdirmək barədə əmr verməsi barədə bilgilər mövcuddur.

Alp Ər Tonqa haqqında digər bir mühüm tapıntı uyğurlara məxsus olan Bəzəklik məbədində olan yazıdır. Belə ki, məbədin divarında ağzında və paltarında ləkələr olan və öldürüldüyü ehtimal olunan bir rəsm mövcuddur və rəsmin bir yerində “Tunqa tigin”, digər bir yerində “Tunqa ol” yazıları qeyd olunub.

XV əsr müəllifi Əli Yazıçıoğlu “Tarix əl-səlcuq” əsərində Əfrasiyabın oğlunu bu cür vəsf edir: “doxsan dəridən kürk olsa, topuğunu örtməyən, doqquz dəridən şəbkülah olsa, tülüyün örtməyən, doxsan qoyun dovğalıq, on qoyun öyüncük yetməyən, doqquz yaşar cüngün silküb atan, kıynağında gökdə tutan, at başın yalmırıp bir kəz yutan Əfrasiyab oğlu Alp Ariz bəy”.

İslamı dövlət dini edən Qaraxanlı Satuk Buğra xaqanın böyük oğlunun adının Tonqa İlig olması, Göktürk mətnlərində Tonqa tigin adlı bir sərkərdənin yuğ mərasiminin keçirilməsi “Tonqa” adının türk xalqları arasında geniş yayıldığını göstərir. 714-cü ildə pusquya düşərək öldürülən Tonqa tiginin Göktürk xaqanı Qapağanın böyük oğlu olması və 11 ağının məhz bu tiginlə bağlı olması barədə də fikirlər mövcuddur.

Sonuc olaraq Alp Ər Tonqa haqqında fikirlərimizi bu cür ümumiləşdiririk:

Alp Ər Tonqa bir sıra türk xaqan və sərkərdələrinin ümumiləşdirilmiş obrazıdır.

Ziyafətdə zəhərlənərək öldürülən Alp Ər Tonqa iskit xaqanı Madidir, onu zəhərləyən isə digər bir türk xaqanı Kiaksardır.

Avestada adı çəkilən Franqrasyan və “Şahnamə”dəki Əfrasiyab Mada xaqanı Astiyaqdır

Uyğur mətnlərində geniş yayılan Alp Ər Tonqa uyğur xaqanı Bögü xaqandır

Mahmud Kaşğarlının və Yusif Balasağunlunun qeyd etdiyi Alp Ər Tonqa Göktürk xaqanı Qapağan xaqanın böyük oğlu Tonqa tigindir.

Əfsanəvi Turan iskitlərin Madadakı 28 illik hakimiyyətini əhatə edir

 

یازیچی لار:
یایین ایلی:
1992 (میلادی)
صحیفه لر:
304
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi - cyrillic

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز