Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Vaqif Aslan-Seçilmiş Şiirleri-1-2009-746s
Vaqif Aslan-Seçilmiş Şiirleri-1-2009-746s
Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində yoxsul kəndli ailəsində anadan olub. Ata məhəbbəti, ana şəfqəti, nənə nağılı-noğulu ilə böyüyən şair daim müəllimlərinin də qayğısı ilə ədəbi ədəbiyyata vəsiqə alıb. Hələ ədəbiyyata kiçik yaşlarından maraq göstərən şair VII sinifdə oxuyarkən “Mən sizə vuruldum, a qarlı dağlar” adlı ilk şeirini yazır. Orta məktəbi Şəkinin Oxud kəndində bitirən Vaqif Aslan kəndin tanınmış müəllimləri olan, el ağsaqqalları Nurpaşa Hümmətovdan və Qəni Abdullayevdən dərs alıb.
1968-ci ildə ADXDİ-nun (indiki AzDDU) “Fransız və Azərbaycan dilləri” fakultəsinə daxil olaraq Allahverdi Tağızadə, Fərman İsmayılov, Zeydulla Ağayev, Nəbi Saniyev, Abbas Hacıyev və başqa görkəmli alimlərin təsiri ilə elmləri mənimsəyib. Sonralar Rəşid Göyüşov, Seyidağa Onullahi kimi tarixçilərlə, Yaşar Qarayev kimi görkəmli ədəbiyyatşünasla tanışlıq onun fikir dünyasını, dünyagörüşünü zənginləşdirib.Xüsusən də, Y. Qarayev, B. Nəbiyev, T. Hacıyev kimi görkəmli ədəbiyyatşünaslar onun ədəbiyyata, şeirə, sənətə olan marağını daha da artırıb, onun AYB-nə üzv olması üçün tam mənəvi dəstək olublar. 1973-cü ildə oxuduğu fakültəni bitirən V.Aslan doğma elinə, obasına qayıdaraq nəcib müəllimlik peşəsi ilə məşğul olub. 1994-cü ildə şair AYB-nə üzv qəbul olubdur. 1993-1995-ci illərdə Azərbaycan MEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri olmuş, 1998-ci ildə AYB-nin Şəki bölməsinin sədri seçilibdir. Zəngin elmi və bədii yaradıcılıq yolu keçən Vaqif Aslanın bir-birinin ardınca elmi və bədii əsərləri çap olubdur.
Onun “Aydın” (1993), XVII əsr fransız səyyahı Şardendən tərcümə etdiyi “Səyahətnamə” (1994), “Ruhlarla söhbət” (1997), “Oğuz elinə salam” (2000), “Qanımdam rəng alan gül” (2004) adlı kitabları nəşr olunubdur. “Türk xalqları ədəbiyyatının antolojisi”nin V cildində şeirlərindən nümunələr verilibdir.
Hazırda geniş bədii yaradıcılıqla məşğul olan V. Aslan həm müəllim, həm də şair ömrü yaşayır. O, AMİ-nin Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi” fənnini tədris edir, nəcib müəllimlik peşəsi ilə məşğul olur.
Filialda professor müəllim, tələbə kollektivinin sevimlisinə çevrilmiş şairin əsərləri maraqla, sevilə-sevilə oxunur. Şəkinin elmi-mədəni həyatında öz bədii-elmi fəaliyyəti ilə geniş iştirak edir.
Vaqif Aslan poeziyası düşündürücü, xəlqi poeziyadır. O, ədəbiyyatı-mızın xalq şeirinin qoşma, gəraylı, klassik üslubun qəzəl janrlarında, dramatik növün pyes janrında qələmini sınamışdır. Onun qoşma, gəraylı və qəzəlləri hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazmış olduğu şeirlərində Q. Zakir, M. Vaqif ənənələri özünü göstərir.
V.Aslan həyat şairidir. Yazmış olduğu şeirlərinin hər misrasında həyat həqiqətləri, qarşılaşdığı, şahid olduğu həyati motivlər öz əksini tapır. Görkəmli alim Y. Qarayev şair haqqında yazır: “V. Aslanın ədəbi yaradıcılığının əsas spesifikasının “folklor konteksti” təşkil edir”. Həqiqətən də onun əsərlərində folklor ənənələri öz əksini geniş şəkildə tapır. Xüsusilə, onun xalq mahnılarına yazdığı şeirləri diqqətəlayiqdir. “Ağlama ceyran balası, ağlama, Ağlama gözüm qarası ağlama” xalq mahnısına yazdığı “Ağlama” şeiri məzmun və poetik cəhətdən fərqlənir.
Üsyan edib taleyəmi ağladın
Ağlama, ceyran balası, ağlama.
Dağ–dağ idim, məni bir də dağladın
Göynədi köksüm yarası ağlama.
V.Aslan elinə, obasına, torpağına bağlı olan vətənpərvər şairdir. Vətəninin dağlarının, bağlarının, çiçəklərinin vəsfindən doymayan şair qürur hissi ilə həm vətənini, həm də doğulub, boya-başa çatdığı doğma kəndini “Anam Kiş” şeirində gözəl poetik ifadələrlə təsvir edir.
Gözəl Vətən!
Xoşbəxtəm ki, qucağında
doğuldum mən
Bilən bilir dünya – geniş
Ömrün yolu yoxuş – eniş
Hər qartala öz yuvası
Hər körpəyə öz anası
Mənim yuvam, anamsan, Kiş!
– deyən şair qucağında doğulduğu üçün özünü xoşbəxt sayır, doğma kəndinə “anamsan”, “yuvamsan” – deyə müraciət edir.
Bundan başqa şairin “Yaşamaram” şeiri diqqəti xüsusilə cəlb edir. Anasız, yarsız belə yaşamağın mümkün olduğunu, lakin Vətənsiz yaşamağın mümkün olmadığını dönə-dönə vurğulayır.
Eşitdinmi, a sevgilim
Deyən sənsiz yaşamaram
Mən sənsiz də yaşayaram –
Mən Vətənsiz yaşamaram!
Şairin təbiət, məhəbbət mövzusunda yazdığı lirik şeirlərlə yanaşı ictimai motivli şeirləri də rəngarəngdir. Onun ictimai motivli şeirlərinin mövzusu canlı, həyatdan şahidi olduğu hadisələrdən götürülübdür. Bu mövzulu şeirlərdə Vətən həsrəti, rüşvətxorluq, dərəbəylik, Vətən torpaqlarının işğalından doğan dərin kədər hissi öz əksini tapır. Şairin ictimai mövzulu şeirləri içərisində “Ocaq” şeiri diqqəti cəlb edir. Şeirdə 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Vətən torpaqlarının ikiyə bölünməsindən doğan dərin kədər hissi yüksək sənətkarlıqla verilibdir.
Bir ocaq qaladı o tayda bacı,
Bir ocaq qaladı bu tayda qardaş
Diyirkən ayrılıq ölümdən acı
Bizim başımıza tale salıb daş
Tüstümüz görüşür Arazın üstə.
1990-cı illərdə ölkədə baş verən hadisələr, Vətən torpaqlarının bir-birinin ardınca işğalı, qaçqın-köçkünlük həyatı şairi ürəkdən sarsıtmış, yazmış olduğu “Qaçqın mahnısı” şeirində bu sarsıntını ürək ağrısı ilə qeyd edibdir.
Bu dərdi atammırıq
Alan yox satammırıq
Gecə-gündüz qaçırıq
Yurd qaçır, biz qaçırıq
Yenə də çatammırıq.
Getdi gedən yerimiz
Ölüb-itən yerimiz
İtib–bitən yerimiz
Göydən asılı qaldıq
Qəbri qazılı qaldıq
Haray, Vətən yerimiz.
Şairin digər ictimai mövzulu şeiri olan “Kərbəla faciəsi” diqqəti xüsusilə cəlb edir. Şeirdə başımıza gətirilən müsibətlərin əsasını şair sapı özümüzdən olan baltalarda, bir qarından ötrü özgənin qabından artıq yalayıb milləti nəfsinə satanlarda görür. Şair şeirdə demək istəyir ki, əsil “Kərbəla faciəsi” məhz başımıza gətirilən bu müsibətlərdir.
Kəlbəcər inildəyir
Xankəndimiz can verir
Zəngilan, Füizulinin
Yaraları qan verir
Budurmu al-qırmızı
Tökülən qan – əvəzi
Budursa, elə budur
Kərbəla faciəsi.
Şeirin son bəndində şair başı bəlalı, cəfakeş xalqının qəflət yuxusundan oyanmasını artıq bu müsibətlərə, bu bölünmələrə son verilməsini istəyir.
Erməni – ermənidir
İtdir – qurddur, hər nədir.
Axı onnan bizimki
Açıq müharibədir.
Bəs sən hansı ağılla
Öz-özünü bölürsən
Bölündükcə ölürsən
Yatmısan oyan daha
Oyaqsan silkələn qalx
Mən səni and verirəm
O bir olan Allaha
Öz-özünü yeməkdir
Kərbəla faciəsi
Bildinmi nə deməkdir
Kərbəla faciəsi.
V.Aslan hər şeydən əvvəl tarixini, soy- kökünü dərindən bilən şairdir. O, Vətənin hər bir daşında, torpağında min-min tarixin yatdığını qeyd edir. Bu cəhətdən onun silsilə şeirləri içərisində “Daş əlifba”, “Saxsı qırığı üstə yazı” şeirləri diqqəti cəlb edir. “Daş əlifba” şeirində şair Azərbaycanın canlı tarix yaddaşı olan – Qobustan abidəsindən söz açır.
Qobustan – zamanın kəsilən qolu.
Tapdanıb nə zaman, ot bitib haçan
Qobustan – Vətənin quruyan qolu
Donub damarında daşa dönüb qan.
Şeirin son bəndi məzmun cəhətdən daha rəngarəngdir. Buradakı yatan tarixə heyran olan şair bir anlıq daşlarla danışa bilmək üçün dönüb daş olmasını, hətta anasından Qobustanın dilini öyrətməsini istəyir və sonda yurdunun bu şərəfli tarixinə heyran qalaraq Qobustanı Azərbaycanın daşlaşan imzası adlandırır.
Hay sallam, yayılar səsim hər yana
Daşlar səda verər, danışmaz fəqət
Ey mənə əzəldən dil verən anam
Mənə Qobustanın dilini öyrət.
Bilim, o yurdumun şərəfi, şanı
Bilim, o yurdumun dərdi, yasıdır.
Oxuyum – Qobustan – Azərbaycanın
Daşlaşmış imzası, əlifbasıdır.
Şairin bundan başqa “Yaşamağın sirri”, “Qılınc”, “Ay səni” və başqa şeirləri tarixi mövzuda yazılıbdır.
V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərləri içərisində “Ruhlarla söhbət” poeması xüsusilə fərqlənir. Poemanı şairin yaradıcılığının şah əsəri də hesab etmək olar. Poema Abdulla Əfəndizadənin “Hər ürəkdə zəbt olubdur, Ya ölüm, ya Türkiyə” mənzumələr toplusu ilə səsləşir. Əsər 28 fəsildən ibarətdir. Məzmun və forma cəhətdən bitgin və olduqca rəngarəngdir. Fəlsəfi-tarixi aspektdə qələmə alınmış “Ruhlarla söhbət” poeması adından göründüyü kimi tarixi şəxsiyyətlərin ruhlarının söhbəti üzərində qurulub.
Əsərin yazılmasında böyük məsuliyyət hissi duyan şair poemanın “Xeyir və dua” bölməsində ana və atasının ruhlarının dilindən bu şərəfli işi xüsusilə vurğulayır.
Oğlum, gəl bu daşı ətəyindən tök
Türk qoca palıddır yer üzərində
Başı göylərdədir, kökü dərində
Allaha çatarsan, yuxarı qalxsan
Gözlərin qaralar aşağı baxsan.
Altına girmisən çox ağır yükün
Birinci qatdadır kökləri türkün.
Nə vaxt ki, edilib bu dünya bina
Türk qövmü ilk sakin olubdur ona.
Poemanın “Haqq da var, divan da” adlı bölməsi daha maraqlıdır. Bu bölmədə tariximizdə qanlı izlər buraxan, türk xalqının amansız, qəddar düşməni olan Stalin, Qarbaçov kimi başıboşların haqq divanında hesab verməsi, öz bəd əməllərini boynuna alması haqqın qələbəsi kimi götürülür.
Stalindir – hər sorğudan sonra onu yandırırlar
Nəfəs verib dindirirlər.
Məni görüb diz çökdü o,
Gildir-gildir yaş tökdü o.
Sizi qırdım bağışlayın
Türk qövmünü Axalsıxdan qovlamışam.
Yerevandan köçürmüşəm bağışlayın
Bir türk məni bağışlasa rahat olar ruhum bir az.
Ulu ruhdan səda gəldi – en aşağı dinmək olmaz.
Poemanın “Şəhid ruhlar” adlanan bölməsində şair tarixi şəxsiyyətlərlə yanaşı zəmanəsinin böyük ədiblərini də yaddan çıxartmır. “Bu dünyadan mən əl çəkə bilmərəm” ifadəsi ilə M.Müşfiqin “Bu gözəl dünyadan necə əl çəkim” misrasına, “Yerə yatın kazaklardır atanlar” ifadəsi ilə görkəmli dramaturq C.Cabbarlının “1905-ci il” əsərinə, “Demədinmi qalxan bayraq enəmməz” ifadəsi ilə M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinə işarəsi ilə poemanı daha da rəngarəngləşdirir. Şair poemanın “Qonuşma, yaxud əhvalpürsanlıq” bölməsində ulu Sabirin ruhi deyişməsində çağdaş dövrdə elmə, biliyə qiymət verilmədiyini, müəllimlərin, ziyalıların daima hörmət-izzətə möhtac olduğunu ürək yanğısı ilə verir.
Dedi- orda yatanmı çox, oyaqmı çoxdur?
Dedim – eləsi var ayılan deyil.
Dedi – uçitellər yenə acdımı,
Hörmətə – izzətə mör-möhtacdımı?
Dedim – oxuyanlar adam sayılmaz.
Dedi – bu səbəbdən millət ayılmaz.
Dedim – çox görürlər dincliyi bizə.
Dedi – daha sözün qalmayıb sizə.
Əsərin “Faciə”, “İnkir-Minkir” və “IŞah Abbas” bölmələri daha maraqlıdır. “Faciə” bölməsində – xanlar xanı olmaq istəyən millətini, torpağını quruca bir ad, vəzifə üçün satan, özgə himayəsində yaşamağı özünə fəxr hesab edən Qubalı Fətəli xanın rüsvayçı əməllərindən söhbət açılır. Şair milləti birləşdirib özgəyə itaət edən, bu xalqı nəsil-nəsil xəcalətə salan insanın ellər gülüncü, aylar-illər gülüncü olmasını istəyir. Eynən də “İnkir-Minkir”, “Şah I Abbas” bölməsində də öz soyunun qənimi kəsilən, türkü-türkə qırdıran, türkü öz yurd-yuvasından didərgin salan, erməni kimi qaniçəni, bəşəriyyətin bəlası olan bu murdar xalqı türkün başına bəla eləyən Şah I Abbasın əməllərindən bəhs edilir.
Poemanın “Giley”, “Umu-küsü”, “Sual-cavab” bölmələri də mövzu cəhətdən rəngarəngdir. “Giley” bölməsində qardaş qanı axıtmaqla fəxr edən, 1514-cü il tarixin türklük, türk milləti üçün səfalət səhifəsi olan Çaldıran döyüşü və onun qurbanları olan Şah İsmayıl və Sultan Səlim fenomenləri qarşılaşdırılır. Şair Şah İsmayılın dilindən xalqının başına gələn müsibətə, qardaş qırğınına ürək yanğısı ilə cavab verir.
Mənə bir dərs oldu Çaldıran
Bu döyüşdür türkü atdan saldıran
Bir qılınc ki, kəsib türkün başını,
Paralayıb torpağını, daşını.
Öyülməyə dəyərmi:
Bir qılınc ki, məni məndən eləyib
Qanı-qandan, canı-candan eləyib.
Mənimkidir deyilməyə dəyərmi?
“Umu-küsü” bölməsində Əmir Teymurun və İldırım Bəyazidin etirafları da düşündürücü və səmimidir.
Əsərin “Ulu ruhun cavabı” bölməsində Ozanlar ozanı Dədə Qorquddan danışılır, qılıncla saz qarşılaşdırılır. Qılıncı olmayan millətin boy atmadığını, qılıncın ad-san, şöhrət olduğunu yazan şair namərdin, yaltağın əlində alçaldığını, pas tutduğunu da vurğulayır. Şair sazın da qüdrətindən, böyüklüyündən hələ “Dədə Qorqud elindən gələn” ucalığından, müqəddəs-liyindən söhbət açır.
Sazın da, sözün də sirri var balam,
Qılınc da ad alır mərdin əlində
Namərdin əlində alçalar balam
Sazsa inildəyər dərdin əlində
Yaltağın əlində pas atar qılınc
Ölən şöhrətinə yas tutar qılınc
Yaltaq nə utanar nə də ar eylər
Qılıncı hörmətdən salıb xar eylər.
Poemanın “Novruz bayramı və Məlikşahın giley-güzarı” bölməsində əsrlər boyu tarixi, yaddaşı, bayramı, toyu-düyünü unutdurulan, lakin Məlikşah Cəlaləddin və II Şah Abbas kimi tarixi şəxsiyyətlərin sayəsi nəticəsində özününkünü özünə qaytaran bir xalqın taleyindən söhbət açılır. Şair poemanın “Məndən söyləməkdir, səndən eşitmək” bölməsində maraqlı faktlar verir. Yunan və türk xalqlarının adət-ənənələrindən yazır. Şair əsərdə dəfn etmə yas mərasimini gözəl izah edir, Yunanların dəfn etmə zamanı ölünü yandırmağını, türklərin isə torpağa basdırıldığını göstərir. Şair türkün sayəsində geyinməyi, çimməyi, daranmağı öyrənən, türkə “barbar” deyib onun var-yoxunu mənimsəyən, özününkü olmayanı öz adına çıxan qeyri-əxlaqi dəyərlərdən söhbət açır.
Şair yazır:
Bir xalqın tarixini silməyə cəhd edən xalq
Xalq adlanır nədən xalq
Şərqlə Qərb arasında əlaqə olmasaydı
Türk körpü salmasaydı
Heç ola bilərdimi yunan mədəniyyəti
Geci, tezi var, oğlum,
Hər kəsin öz başında çatlayacaq niyyəti.
Əsərin “Sual-cavab”, “Ruhların məhkəməsi” bölməsi daha maraqlı və təsirlidir. II Göytürk imperatoru Bilgə Xaqanın ruhu ilə söhbətləşən şair söhbət əsnasında xalqının başına gətirilən müsibətlərdən, türk xalqları arasında birlik və bütövlüyün olmaması nəticəsində boyunduruğ altında yaşamasından, öz torpağında qul olan, qaçqın olan, öz torpağında özünə yad olan, bölgə-bölgə paralanan, nəsil-nəsil qaralanan xalqların müasir taleyindən ürək ağrısı ilə danışır. Şair bölmənin sonunda xalqının başına gətirilən bu müsübətlərin bitməsini “Sən Türksən”, “Sən Türksən” deyə titrəyib özünə dönməsini istəyir və bu an Bilgə Xaqanın timsalında düşdüyü mənzərənin təsiri nəticəsində şairin gözləri yaşarır.
Əsərdə Bizans imperatoru Qustinyanı qadın şücaəti ilə diz çökdürən Bur-Arıq və öz ağlı, zəkası ilə iki xalqı qırğından qurtaran Çiçək Xatun kimi qadın obrazların verilməsi təsadüfü deyil. Şair göstərmək istəyir ki, öz ağlı, zəkası, şücaətiylə kişiləri geridə qoyan, “Aslanın erkəyi, dişisi olmayan” dünyanın qadın fatehləri də vardır. Şair qadının böyüklüyünü, ucalığını “Qadın” şeirində də poetik ifadələrlə verir.
Qadın – ömrümüzün bəzəyi, naxışı
Həmişə müqəddəs sanmışıq onu
İnsan sevə bilir, sevir, nə yaxşı
Yoxsa verəmməzdik onun borcunu…
Ümumiyyətlə, V.Aslan bizi türk azmanlarının bütöv bir silsiləsilə görüşdürür. Şair Məlik Şah, Alp Arslan, Bilgə Xaqan, Atilla, Mete xan, Alp Ər Tonqa kimi tarixi şəxsiyyətləri türkün böyüklüyünü, qüdrətini göstərən şəxsiyyətlər kimi təqdim edir.
V.Aslan poemada tarixi dərindən bilən gözəl bir tarixçiylə yanaşı həm də ana dilini, ana dilinin qayda-qanunlarını, fonetik xüsusiyyətlərini mükəmməl bilən bir dilçi kimi də nəzərimizi cəlb edir. Bu cəhətdən onun Şumer, Akkad, Assur, Babil, Manna, Midiya sivilizasiyalarının türk mədəniyyəti ilə təmasından, həmin sözlərin etimologiyasından bəhs etdiyi fikirlər maraqlıdır.
Şairin “Gilqamış”, “Enlil”, “Moday” “Çiçi” sözlərinin etimoloji araşdırmaları göstərir ki, şair ana dilinə, onun qayda və qanunlarına dərindən bələddir. Şair “Çiçi” sözünü müasir şəkililərin demək olar ki, qanında olduğu, hava-su kimi işlətdikləri “Çiyi” sözü ilə bağlayır və maraqlı izahını verir.
Bir Subir qarının adı “Kikiydi”
Neçə il sonra da taleyə bir bax
Hunların Xaqanı Tanhu Çiçiy di
Bu gün də anaya “çiyi” deyirik
Cici söyləyirik “çiçi” deyirik
İnsanın tanrısı, göyüdür ana
Elə buna görə də “çiyi”dir ana.
Ümumiyyətlə, Şairin istər lirik (qəzəl, qoşma, bayatı, gəraylı, poema), istərsə də dramatik (pyes) janrlarda olan əsərləri sanballı, dəyərli və müasir dövrümüz üçün aktual əsərlərdir.
V.Aslan poeziyası dərin, mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır.
Qaynaqlar:
1. Vaqif Aslan. Qanımdan rəng alan gül. Bakı: Ağrıdağ, 2002, 221 s
2. Vaqif Aslan: Ruhlarla söhbət. Bakı: Ozan, 1997, 256 s.
3. Vaqif Aslan. Oğuz elinə salam. Bakı: Mütərcim, 1999, 148 s.
4. Söz, söz,… söz!: birinci buraxılış. Şəki: Master, 2006, 288 s.
5. Vaqif Aslan. “Kiş kəndi və onun məbədi”. Bakı: Çaşıoğlu, 2003.
Vaqif Aslan-Seçilmiş Şiirleri-1-2009-746s | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 3.66 MB | Dosya Türü : Pdf | İzlenme Say : 489 | Başarısızlık Raporu |