Azərbaycan Məhəbbət Destanlarının Poetikası - Məhərrəm Cəfərli – Baki – kiril – 2000 -266s

9785
0
2020/6/10
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 7

Azərbaycan Məhəbbət Destanlarının Poetikası

Məhərrəm Cəfərli

Baki

kiril

2000

266s

-------------------

Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət destanları

Qeyd edək ki, Azərbaycan məhəbbət dastanlarının araşdırılması, geniş tədqiqatlar mövzusuna çevrilməsi uzun və gərgin bir tarixi yol keçmişdir. Bu proses ən görkəmli folklorşünas alim və yazıçıların, akademiklərin ciddi polemikaları, müzakirə və mübahisələri, bir-birinə zidd fikir və mülahizələri ilə müşayiət olunur. Akademik Həmid Araslı, xalq yazıçısı Mirzə İbrahimov, Mirəli Seyidov, Feyzulla Qasımzadə, Əlyar Qarabağlı, Əhliman Axundov, Fərhad Fərhadov, Səfurə Yaqubova, Paşa Əfəndiyev, Məmmədhüseyn Təhmasib və başqa müəlliflər özlərinin bir sıra əsərlərində məhəbbət dastanlarımızın tarixi, təsnifatı, yaranma üsulları ilə bağlı olduqca müxtəlif səpkili fikir və mülahizələr söyləmişlər. Xüsusən bu dəyərli sənət incilərimizin yaranma yolları haqqında irəli sürülən müddəalar öz müxtəlifliyi, necə deyərlər, rəngarəngliyi ilə diqqəti cəlb edir. Belə ki, professor F.Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı əsərində şifahi xalq ədəbiyyatına xüsusi yer ayıraraq, bir sıra ustad el aşıqlarımızın həyat və yaradıcılıqları haqqında məlumat verir, aşıq ədəbiyyatımızın tədqiqi və nəşri tarixindən, özünəməxsus xüsusiyyətlərindən söz açır. Əsas şeir şəkillərimizdən olan qoşmanın, eləcə də aşıq ədəbiyyatımızın ən mürəkkəb janrı sayılan təcnisin üzərində məxsusi dayanaraq, onların tarixindən, bədii-poetik xüsusiyyətlərindən danışaraq, təsnifatlarını verir və nəhayət, məhəbbət dastanlarımız, onların yaranma üsulları ilə bağlı maraqlı müddəalar irəli sürür. Buna baxmayaraq müəllif adıçəkilən əsərində qəhrəmanlıq dastanları haqqında bir kəlmə də demədən sevgi dastanlarını iki qrupa bölür. Qeyd edir ki, birinci qrupa daxil olanlar əsl sevgi dastanlarıdır. Onlar dünyasını dəyişmiş ustad aşıqların qoşma və gəraylıları əsasında onlardan sonra yaşayıb-yaradan aşıqlar tərəfindən quraşdırılır.

Buna görə də həmin dastanlarda iki üslub mövcud olur: “...“Yurd” adlanan nağıl hissəsi dastan müəllifinə, şeir hissəsi isə ustad xalq aşığına aid olurdu” (12, 137). Bu fikrin özü F.Qasımzadənin dastana yazılı ədəbiyyat nümunəsi kimi baxdığını, onun struktur−semantikasını anlamadığını göstərir.

Akademik H.Araslı isə “Aşıq yaradıcılığı” adlı əsərində bu məsələyə toxunaraq, tamam fərqli qənaətə gəlir. Onun fikrincə, dastanlarımız iki yox, üç üsulla yaranır. Onlardan birincisi budur ki, “bəzi dastanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı müasirlərinin yaratdığı şeirlər həmin dastanın əsasını təşkil edir” (2, 13). Bu fikrinə dayaq vermək üçün müəllif “Koroğlu” dastanını misal göstərsə də, hiss olunur ki, başqa misallar  tapıb, əlavə etməkdə çətinlik çəkmişdir.

Təsnifatını davam etdirən tədqiqatçı “Abbas və Gülgəz”, “Qurbani”, “Aşıq Qərib” dastanlarını göstərərək, bunları F.Qasımzadənin birinci hesab etdiyi ölüb getmiş ustad aşıqların şeirləri əsasında başqaları tərəfindən quraşdırılmış ikinci qrup məhəbbət dastanlarına aid edir. “Ustad aşıqlar haqqında sevgi dastanları bəzən onların özləri tərəfindən, həyatda ikən yaradılırdı” (2, 13) deyə bu cür yaranan dastanları isə H.Araslı üçüncü üsulla ərsəyə gələn dastanlar adlandırırdı.  Lakin bu qəbil dastanları F.Qasımzadə ikinci üsulla yaranan dastanlar sırasına aid edərək  yazırdı: “...Dastanı aşıq özü yaradırdı” (12, 137).

Qeyd edək ki, bu fikir müxtəlifliyi təkcə H.Araslı ilə F.Qasımzadə çərçivəsində məhdudlaşmır. Folklorşünaslıq elmimizdə məhəbbət dastanlarının yaranması yolları ilə bağlı ziddiyyətli mülahizələr ötən əsrdə daha geniş arealı əhatə edirdi. Bir sıra görkəmli folklor tədqiqatçımız məhəbbət dastanlarımızın ustad aşıqların qoşma və gəraylıları əsasında onlar dünyalarını dəyişdikdən sonra yaşayıb-yaratmış aşıqlar – yəni onların şagirdləri və ya digər naməlum müəlliflər tərəfindən yaradıldığı qənaətində olmuşlar. Bu fikir ilk vaxtlar tərəfdarlarının çoxluğuna görə seçilmişdir. 1960-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi” kitabında XVII-XVIII əsrlərin görkəmli şair-aşıqları haqqında oçerkləri (4, 485-486) dərc edilmiş Mirəli Seyidov da yuxarıda qeyd etdiyimiz fikri dəstəkləyərək, həmin oçerklərdə “Abbas və Gülgəz”, “Xəstə Qasım” dastanlarının Tufarqanlı Abbasın və Xəstə Qasımın şeirləri əsasında onlardan sonra yaşamış aşıqlar tərəfindən yaradıldığını vurğulayır.

Akademik Mirzə İbrahimovun da məhəbbət dastanlarımızla bağlı özünəməxsus fikirlərini nəzərə çatdırmağı vacib hesab edirik. Onun şifahi xalq ədəbiyyatına, aşıq yaradıcılığına həsr edilmiş bir sıra əsərləri diqqəti cəlb edir. Bunlardan müəllifin 1960-cı illərdə dərc olunmuş “Tükənməz xəzinə” (11, 316), “Aşıq poeziyasında realizm” (10, 165-187) və s. kimi məqalələri, hesab edirik, bu gün üçün də öz aktuallığını qoruyub saxlamaqdadır. Akademik bu məqalələrdə aşıq yaradıcılığı və dastanlarımızla bağlı olduqca seyrək toxunulan realizm məsələsini şərh və izah etməklə yanaşı, “Abbas−Gülgəz”, “Yaxşı−Yaman” dastanlarını misal göstərərək, bu qəbil dastanların Tufarqanlı Abbas və Sarı Aşığın qoşma və gəraylıları əsasında başqa aşıqlar tərəfindən yaradılmış olması fikrini irəli sürən tədqiqatçılarla dolayısı ilə də olsa, razılaşaraq yazır: “Abbas Tufarqanlının Gülgəz Pəri adlı gözəl bir sevgilisi olmuşdur. Demək olar ki, Abbasın bütün qoşmalarında tərənnüm edilmişdir. Abbas Gülgəzi doğrudan da yüksək romantik bir məhəbbətlə sevmiş olmalıdır ki, ona həsr olunmuş şeirlərində böyük ürək çırpıntısı duyulur. Sonralar bu şeirlər əsasında yuxarıda adını çəkdiyimiz “Abbas və Gülgəz” dastanı da yaranmışdır” (10, 171).

Ümumiyyətlə, Azərbaycan folklorşünaslığının, eləcə də məhəbbət dastanlarımızın ən görkəmli tədqiqatçılarından olan Məmmədhüseyn Təhmasibin məhəbbət dastanlarının araşdırılması, tədqiqi və nəşri sahəsindəki gərgin və ardıcıl zəhməti danılmazdır. Tədqiqatçı xüsusilə bu dastanların yaranması yolları haqqında bir sıra fikirlər söyləyərək, şərhlər vermiş, müqayisələr apararaq, bəzi qənaətlər ortaya qoymuşdur ki, onun bu səyləri xüsusi qiymətləndirilməlidir.  

Əvvəla qeyd edək ki, Məmmədhüseyn Təhmasib məhəbbət dastanlarımızın əsasən ustad aşıqların qoşma və gəraylılarından istifadə edilərək, onlardan sonra gələn aşıqlar tərəfindən yaradılması fikrini irəli sürənlərin folklor tədqiqatçıları arasında əksəriyyət təşkil etdiyini və əvvəllər özünün də bu qənaətlərlə şərik olduğunu etiraf edir. Lakin fikrini davam etdirərək yazır: “...Bir qədər ətraflı araşdırmalar aydın göstərdi ki, bu, bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli sənətkarların əlindən alıb, təsadüflərə bağlamaq kimi yanlış bir yoldur. Məgər süjetli, konfliktli, surətli, səciyyəli, aşiqli, məşuqəli, “bağlama” və “açma”lı, “duvaqqapma” və “ustadnamə”li dastan yaratmaq kiçik şeirlər, qoşmalar yaratmaqdan çox asandırmı ki, bu ikincini ustadlara, birincini isə təsadüfi “naməlum”lara bağlayırıq?”  (14, 19-20).

Bizcə, professor Məmmədhüseyn Təhmasibin bu fikri ilə tam razılaşmaq düzgün deyil. Çünki H.Araslı, F.Qasımzadə, M.İbrahimov və bu kimi müəlliflərin qənaətlərinə, təsnifatlarına da müəyyən mənada bəraət verilməsinə ehtiyac duyulur. Əvvəla bir vacib məqamı diqqətə çatdıraq ki, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Qurbani”, “Xəstə Qasım” və digər məşhur məhəbbət dastanlarının Tufarqanlı Abbas, Aşıq Qərib, Qurbani, Xəstə Qasım və başqaları kimi ustad aşıqların şeirləri əsasında onlardan sonra gələn aşıqlar, onların öz şagirdləri tərəfindən yaradılmasını qəbul etmək heç də həmin ustadlara qarşı haqsızlıq və ya onları dastançılıq qüdrətindən məhrum eləmək kimi qiymətləndirilməməlidir. Əksinə, adıçəkilən ustadlardan sonra gələn aşıqları (tutaq ki, heç onların adları tarixdə qalmayıb. Əslində, qalmaya bilməz. Bəlkə də onlar sadəcə sədaqətlə ustadlarına xidmət edərək, öz adlarını həmin dastanlara daxil etməyiblər) “təsadüfi” və “naməlumlar” adlandırmaq ədalətsizlikdir. Ustadları haqqındakı məşhur dastanları onların yaratmış olması müddəası, bizcə, heç də ustadları dastançılıq qüdrətindən məhrum eləmir. Çünki həmin ustadların yaratdıqları neçə-neçə başqa dastanın da mövcudluğunun məlum olduğunu professor Məmmədhüseyn Təhmasib özü də etiraf edərək yazır: “Ən əsaslılarından biri də odur ki (yəni “Qurbani” dastanının Aşıq Qurbani, “Abbas−Gülgəz”in isə Tufarqanlı Abbas tərəfindən yaradıldığını sübut edən dəlillərin – C.İ.), bu sənətkarların başqa dastanları da olmuşdur və vardır” (14, 21). Amma bu dəlili əsas götürərək, “Abbas−Gülgəz”in Tufarqanlı Abbas, “Qurbani”ninsə Aşıq Qurbani tərəfindən yaradılmış olduğuna hökmən qərar vermək, fikrimizcə, o qədər də məntiqli deyil.

Hesab edirik ki, F.Qasımzadə, M.Seyidov və başqa tədqiqatçıların mülahizələri nisbətən daha ağlabatandır. Bu nəticəyə gəlməyimizinsə bir neçə obiyektiv səbəbi var. Birincisi, xalqın bir qədər ziyalı, saza-sözə, sənətə meyilli təbəqəsinin bir sıra xüsusiyyətlərini nəzərdən keçirmək, onların qəhrəmanlıq, sevgi məsələlərinə son dərəcə həssaslığını və emosionallığını, macəraçılığını diqqətdən kənarda qoymamaq gərəkdir. Məlumdur ki, ustad aşıq, hansısa konkret bir sənətkar olmadan belə, bütövlükdə xalq özü öz qəhrəmanını, eyni zamanda sevdiyi, inandığı sənətkarını şişirdib, daha da böyüdüb, haqqında cürbəcür qeyri-adi, hətta ağlasığmaz macəralar, əhvalat və hadisələr, o cümlədən nağıl, rəvayət və dastanlar uydurub, fəxrlə, həvəslə söyləməyi, ağız-ağız gəzdirib-dolaşdırmağı hədsiz dərəcədə xoşlayandır və bu potensiala malikdir. Bu halda xalqının sevimlisi olan ustad aşığın özünün özü haqda, öz adı ilə bağlı dastan yaratmasına ehtiyac qalırmı? Bizə elə gəlir ki, yox. Amma o qədər də tanınıb-sevilib hələ məşhurlaşmayan şagirdlərin, cavan aşıqların məclislərdə xalqın daha çox diqqətini cəlb etmək, sevgisini qazanmaq naminə məşhur ustadların şeirlərindən oxumağa, onların həyat və yaradıcılıqları, istedadlarının qüdrəti, başlarına gələn əhvalat, hadisə və macəralardan danışıb, auditoriyanı ələ almağa, təbii ki, çox böyük ehtiyacı olur. Və bu ehtiyacı daha yüksək səviyyədə ödəmək istəyi və cəhdləri tam məntiqi olaraq mümkündür ki, bu da həmin ustadlar haqqında mükəmməl dastanların yaranıb formalaşmasına gətirib çıxara bilər.  

یازیچی لار:
یایین ایلی:
2000 (میلادی)
صحیفه لر:
266
فورمات:
PDF Document

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز