یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Kitabi Dede qurqud - elmetdin elibeyzade - latin - baki -1999 – 333

14922
1
2017/3/23
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 7

Kitabi Dede qurqud - elmeddin elibeyzade - latin - baki -1999 – 333

کیتابی ده ده قورقوت - ائلمددین علیبئی زاده -لاتین-باکی-1999-333

 

 

 

Misir piramidalarından Vatikana qədər bağlı saxlanan böyük sirr

Bu gün elmə bəlli olan qədim türk dastanları, ədəbiyyatı, əlyazmaları və salnamələri iki dövrü əhatə edir: islamdan öncə və onun yaranmasından sonrakı dövr.

Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar əsasən Saka, Hun, Göytürk, Uyğur tarixinə aid dastanlardır.

Bu dastanlar içərisində xüsusilə Kitabi-Dədə Qorqud xüsusi olaraq seçilir. O, türk toplumunun bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. Kitabi Dədə Qorqud türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, Kitabi-Dədə Qorqud o biri gözünə qoyulsa, yenə də Kitabi-Dədə Qorqud tərəfi ağır gələr”.

V.V.Bartold dastanın coğrafi koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə Qorqud adı ilə bağlı olan dastanın Qafqaz mühitindən kənarda yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ. Книга моего Деда Коркута. М.-Л., 1962, стр.19-129).

Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini əhatə edir. “Türk sistemli dillərdə bulunan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və sıx əlaqə saxlayan əsərlərdən də qədim Azərbaycan türk dilində yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adının da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır”. (Şahnamə və dünya epik ədəbiyyatı. İnqilab və mədəniyyət, 1934, N 9-10; səh.27-29).

“Dədə Qorqud” dastanının 2 orijinal nüsxəsi məlumdur. Bunlardan birini 1815-ci ildə alman şərqşünas H.F.Dits Drezden kitabxanasında, digərini isə 1952-ci ildə italyan alim Ettori Rossi Vatikan kitabxanasında ortaya çıxarmışdır. Berlində hər səhifəsində 34 sətir olan 37 səhifəlik başqa bir əlyazma da tapılmışdır. Berlin nüsxəsi kimi tanınan bu abidə əslində Drezden nüsxəsindən köçürülmədir.

“Dədə Qorqud”da xalq idrakı və təfəkkür tərzi, gözəllik və əxlaq kateqoriyaları, psixologiya və etnopsixologiya məsələləri, hərbi və sosioloji sistem, toponimiya və coğrafiya, arxitektura və s. məsələlər öz əksini tapmışdır.

E.Əlibəyzadə də dastanın VI-VII əsrin ədəbi yadigarı olduğunu və Dədə Qorqud tərəfindən yazıldığını iddia edir. Dastanda verilən qədim oğuz-türk adət-ənənələrinə, əxlaq normalarına əsaslanaraq, abidənin V-VI əsrlər və ondan əvvəlki əsrlərlə səsləşdiyini söyləyir. O, müəyyən faktlara əsasən Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, VI-VII əsrlərdə yaşadığını və onun əfsanəvi bir şəxsiyyət olduğu haqda söhbətləri illüziya hesab edir.

Azərbaycan və türk dillərində Qorqud sözünün QorQurd kimi səslənməsinə çox rast gəlinir. Hətta Azərbaycanda qədim xalq mahnısı “Dədə qorqurd” da var.

Qoru Qurdu kimi izah edilən bu məna kitabənin lap qədim dövrlərə gedib çıxmasının göstəricisidir.

İ.Şıxıyevanın statistik hesablamalarına görə, “Dədə Qorqud”da işlədilən 77 şəxs adından 50-si türk, 24-ü ərəb və 2-si fars mənşəlidir.( İ.Şıxıyeva. Kitabi Dədə Qorqudda şəxs adlarının linqvostatistik xüsusiyyətləri. “Azərbaycan ədəbiyyatşünaslığı problemləri”. Bakı, 1993, s.111).

Yaxşı, bu ərəb adları tarixi islamın Qafqaza gəlişindən çox-çox öncəyə gedən kitabda necə əks olundu? Oğuz qəhrəmanlarının dilində məgər dini adlar, Məhəmməd, Həsən, Hüseyn və s. necə işlənə bilərdi?

Kitabi-Dədə Qorqud dastanından görünür ki, müxtəlif dinlərin hakim olduğu zamanlarda dastana yeni boylar əlavə olunub. Burada biz şamanizm, totemizm əlamətlərinə də rast gəlirik. Dastan X-XI əsrlərdə yazıya alınarkən islam dininin təsirinə məruz qalıb. Dastanda təsvir olunan adət-ənənələr, əxlaq normaları və s. də abidənin islam dininin qəbulundan əvvəl yaranmasını sübut edir. Məsələn, qızın ova çıxması, at çapıb ox atmaqda yarışması, gürz tutub güləşməsi, ərə getmək istədiyi oğlanı yoxlaması, döyüşdə ərinə kömək etməsi islamdan qabaqkı adətdir. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlar bunu etməklə Dədə Qorqudun əsl kimliyini gizlətmişlər.

Bir maraqlı məqam: Kitabi-Dədə Qorqud kimi ensiklopedik bir abidədə oğuzlar yalnız monoqamiya vəziyyətində təsvir edilmişdir. Kitabda çoxarvadlılıq yoxdur. Bizim əlimizdə olan on iki boydan heç birində heç bir oğuz igidi nə çoxarvadlı, nə də ikiarvadlıdır. Burdan sual meydana çıxa bilər: islam dövründə baş verən bir eposun qəhrəmanlarının nədən heç bircə nəfəri də islamın yaratdığı bu imkandan istifadə etmir?

Ərəb tarixçiləri yazır ki, guya Dədə Qorqud islamı qəbul edib və islam haqqında şeirlər yazıb, nəğmələr qoşub, Məhəmməd peyğəmbər haqqında xalq arasında dastan söyləyib. Bu qədər yanlış fikirləri tarixə yazan ərəblərin bir məqsədi var idi. Türkçü kimliyi, tenqriçilik ruhunu xalqda yoxa çıxarmaq. Dədə Qorqud dastanlarında Qurani-Kəri­min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü­məsinin yer alması ərəblərin türk dastanına birbaşa müdaxiləsinin göstəricisidir. Məlumdur ki, Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsi Qahirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Həsən Bali əd-Dəvədaridir) XVI əsrin ortalarında üzü köçürülmüş “Hekayəti-lətifeyi-ücubə və məhcubeyi-zərifə” adlı əsəri ilə eyni məcmuədədir (Adilov M. “Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsinin bəzi paleoqrafik xüsusiyyətləri haqqında, Kitabi - Dədə Qorqud-1300, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, VI, “Örnək” nəşriyyatı, Bakı, 1999.).

Bu faktın özü Vatikan nüsxəsinin Misirdə (Qahirədə?) köçürülməsi barədəki bizim ehtimalımıza qüvvətli şəkildə dəstək verir. Yəni, bu gün bizə təqdim edilən Vatikan və Drezden nüsxələri əsl əlyazmalar deyil. Bu nüsxə Ağqoyunlular dövründə Uzun Həsənin tapşırığı ilə Aşıq tərəfindən qələmə alınıb. Vatikan nüsxəsində "Qorqud Ata Ağzından, Ozan Aydır" yazısının olması bunun sübutudur.

Dədə Qorqud nağıllarını qələmə alan Ağqoyunlu aşıq, hər halda, yüksək ədəbi biliyə və bacarığa malik idi. O, yeni dastan üzərində islam-türk sintezi formasında işləmişdir. “VII əsrdə yazıldığı iddia edilən bir əsərdə XIV əsrə aid məlumatlar hardandır?” kimi suallara da elə burada cavab tapılır. Dastanın bizə məlum olan nüsxələri Ağqoyunlular dövründə yazılıb. Bəs Kitabi-Dədə Qorqudun orijinal əlyazması hardadır? Dastanın tarixi ilə bağlı bilgili mütəxəssislərin iddiasına görə, orijinal əlyazma Misirdədir və hətta bəzi iddialara görə, piramidalardan birində ciddi-cəhdlə qorunur.

Prof. İ.Vəliyev Kitabi-Dədə Qorqudla Şumer tarixinin epik izləri, o cümlədən Şumer eposu “Bilqamıs” arasında süjet, ideya, fikir, poetik üslub, obraz paralelləri aşkarlamışdır. Bu fikri təsdiqləmək üçün deyək ki, adı çəkilən kitab dünyada yeganə kitablardan sayılır ki, türk kodu ilə işarələnmiş işarələr sistemi kimi qeyd edilir. 

E.Əlibəyzadə 2007-ci ildə işıq üzü görmüş “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları” kitabında “Bilqamıs” dastanı və Kitabi-Dədə Qorqud eposu arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib, maraqlı nəticələr çıxarıb. Şumer və onun ətrafında yaranan ədəbiyyatın və mədəniyyətin gil lövhələrə köçürülüb saxlanılması, onların dövrümüzə qədər gəlib çıxması göstərir ki, xalq ədəbiyyatında yaşayan bir çox sözlərin, əsatir və mifik anlamların, əfsanə motivlərinin bizim minilliklərdə “Dədə Qorqud” boylarında, oğuznamələrdə və ümumən ozan-aşıq sənətində izləri, əlamətləri qalmışdır.

Alman şərqşünası Fridrix Dits yazır: “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, bəlkə o, əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir? Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”.

Məntiq ortadadır: Kitabi-Dədə Qorqud bizə təqdim edilən kimi islam dövründə deyil, eramızdan öncəki illərdə yaranıb.

Qədim türk inancında Günəş kultu vardı ki, bu da Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan sonra, dədələr də günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də onların adı çox zaman günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir şəklinə düşmüş qədim abidənin (Dədə Günəş) hər iki kultun adı ilə adlanması göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim kultlar olmuşdur. Dədə Qorqudu Günəş Ata kimi də qəbul etmək olar. Dastanın Basatın Təpəgözü öldürdüyü boyunda onun adı Günəş Ata kimi gedir. Burada “Qorqud” adının etimologiyası haqqında bizdən əvvəl söylənmiş bəzi fikirlərlə öz fikirlərimizi bildirməyi də vacib sayırıq. O. Süleymenovun fikrincə, “Qorqud” sözü qədim Şumerlə bağlıdır ki, bu ad daha sonra Misirə və s. ölkələrə yayılmışdır. O, eyni zamanda bu adın qədimdən "Görgüt" şəklində söylənmiş olduğunu iddia edir. O. Süleymenov həmçinin "gör" sözünün izahın vermişdir. "Gör" sözü isə onun fikrincə, Şumer "hör" (günəş) sözündən törəmişdir: Günəşin səmadakı hərəkəti ilə bağlı müxtəlif şəkillər almasını Şumerlər heroqlifləri ilə göstərmiş, sonradan isə Türk kahinləri bu heroqlifləri "günəş" kimi izah ediblər. (O.Süleymenov. "Az-Ya". Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007, 272 s. 213.)

Kitabi-Dədə Qorqudda Qorqud adındakı “qor” sözü ilə bağlı daha bir mülahizə. V əsrdə Albaniyada şimaldan Qor və Qazan adlı iki elbəyi öz tayfaları ilə gəlib Syuni əyalətində (indiki Zəngəzurda) məskunlaşmışlar. (Georec A. Bourkoutian. Eastern Armenia in the Lase Pekades of Persian Rule 1807 – 1828. A. Political and socioeconomic Studu of the khanate of Erevan on the eve of the Ryssian conquest. Undena pulecations. Malibu California, 1982, səh. 147 – 194.)

Hər iki elbəyin adlarının türk mənşəli olduğu şübhəsizdir. Albaniyada Qoroz qalasının olması faktı da var ki, bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. QOR-is isə QOR-ATA, türklər demişkən Dədə QOR QURDun yaşadığı yer kimi də qeyd edilə bilər.

Oğuz xaqanın, Bayandır xaqanın, Sunkur bəyin, Şəktur xanın, habelə Qıpçaq xanın və başqalarının fəaliyyət mərkəzi – onların əsas məkanları, başlıca oylaqları Göyçə gölü ətrafı, Qarabağ qışlağı, Alagöz yaylaqları, Əlincə qalasının olduğu yerlər, qədim Azərbaycan torpaqlarıdır. Hər iki bölgə tarix boyu oğuzların sıx-sıx yaşadıqları coğrafi məkan sayıldığından o yerlərdə Dədə Qorqud boylarına məxsus çeşid-çeşid adlar və ünvanlar dövrümüzdə də özünü qoruyub yaşatmaqdadır. Kitabi Dədə Qorqud eposunda Uruzbek adı çəkilir. Bu ad albanlarda geniş yayılmışdır və e.ə. I əsrin 60-cı illərində alban çarı Oroz, Oroys başqa qədim türkdilli xalqlardakı Oruz, Uruz, Orus şəxs adları ilə müqayisə oluna bilər.

V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Şərqşünas-alim Süleyman Əliyarov bu barədə yazır: “Türkiyəli tədqiqatçı Ergin “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eramızdan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.

Kitab 24 boydan ibarətdir. Bu Albaniyada olan 26 tayfadan iki irandilli tayfanı çıxmaq şərtilə 24 türk tayfasının sayı ilə eynidir. 24 oğuz boyu Oğuz xaqanın bu 24 nəvəsinin adı ilə bağlıdır. Hər boyun öz onqonu, öz damğası varmış. Professor Qəzənfər Kazımov qeyd edir ki, Oğuz boyları “Sağ qanad”və “Sol qanad” deyilən iki qanada ayrılırmış. Bunlar Üç Oq və Boz Oq adlarını daşıyırmış. Sağ qanaddakı ilk boyun adı Qayı olmuş və bu boy öz əsasını Oğuzun böyük oğlu Gün xandan almışdır; Sol qanadda əsas boy Bayat boyudur. Bu boy öz əsasını Göy xandan götürmüşdür. Dastanlarda aparıcı şəxs Bayat boyundan Bayındır xandır.

Qəzənfər müəllim fikrimizi təsdiq edən “Bayındır tayfasının - Sol qanadın hakimiyyətini təsvir edir” fikirləri göstərir ki, Qayı türklərinin dastanları sayıla biləcək həmin 12 boy gizlədilib. Keçən yazımda (http://news.lent.az/news/210483) Məhəmməd Peyğəmbərin (s) nəslinin türk soylu Qayı boyuna gedib çıxması fikrini əsas tutaraq belə qənaətə gəlmək olar ki, məhz ərəblərin ciddi-cəhdlə gizlətdiyi 12 boy Qayı tayfasına da aid ola bilər.

Lakin bizə məlum olan 12 boydur. 13-cü boyu Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutunun arxivində tapıb. Sonradan bu hekayətin Azərbaycanda dərcinə izn verilməyib və onu gizli arxivə köçürüblər.

Misirli müəllif Əbu Bəkr ibn Abdullah Aybek Ed-Devadarinin “Dürerüt-Tican” adlı ümumi tarixində Dədə Qorqud hekayələri ilə bağlı çox vacib bir qeyd vardır. Əslən Səlcuq sülaləsindən olan alim yazır ki, Çingiz Xana məxsus müqəddimədə Oğuznamə haqqında məlumat verib. Oğuz Türklərinin yanında “Oğuznamə” (Dədə Qorqud dastanı) deyilən bir kitab var ki, əldən-ələ keçirdirlər. Çingiz xan bu kitabın bir nüsxəsini özündə saxlayardı. (Kırzıoğlu Fahrettin Neşri, Osmanlı Tarihleri, İstanbul 1949, s.388-389)

یازیچی لار:
یایین لایان:
Bakl çap evi
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

Çok sağ olsun TURUZ, eksik olmasın başımızdan.

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز