Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azerbaycan Aşıq Yaradıcılığı-Taryel Memmedov-2011-325s
Azerbaycan Aşıq Yaradıcılığı-Taryel Memmedov-2011-325s
Aşıq musiqisi haqqında ilk fundamental dərslik
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” və “Harmony” beynəlxalq elektron jurnallarının baş redakoru, bəstəkarların yaradıcılığına və musiqi tədrisinə dair onlarla saytın müəllifi Tariyel Məmmədovun musiqi aşıqşünaslığının elmi-nəzəri inkişafında, aşıq sənətinin samballı tədqiqində, aşıq musiqi irsinin yaşaması və təbliğində görkəmli xidmətləri vardır. O, elmi-pedaqoji yaradıcılığını bu qədim və zəngin xalq-professional sənətin araşdırılmasına, aşıq havalarının toplanılmasına, ustadların irsinin öyrənilməsinə, aşıq musiqisinin nəzəri xüsusiyyətlərinin təhlilinə, aşıq sənətinin tarixi və nəzəriyyəsinin tədrisinə həsr etmişdir. Görkəmli alimin bu çətin və şərəfli işdə əldə etdiyi nailiyyətlərdən biri də müxtəlif aşıq mühitlərinə və nəsillərinə məxsus ustad aşıqların ifasından ənənəvi havaları nota yazması, onların melostruktur, melopoetika, metr-ritm, lad-məqam, çoxsəslilik kimi özünəməxsus və mürəkkəb nəzəri xüsusiyyətlərini aşkar etməsidir. Görkəmli alim-pedaqoq bu dəyərli yaradıcılığı sayəsində nəzəri musiqişünaslığı, eləcə də musiqi aşıqşünaslığını qiymətli elmi nəticələri ilə zənginləşdirmişdir.
Professor T.Məmmədovun bir alim kimi dəyərli xidmətlərindən biri də məhz aşıq havalarının notlaşdırılması təcrübəsinə tamamilə yeni nəzəri və praktik yanaşma, yeni prinsip gətirməsidir. Bu not yazılarında aşıq havaları özlərinə, ənənəvi səslənmələrinə, məktəb üslublarına, spesifik melodik ifadəliliyinə, ustad ifalarına maksimum yaxındırlar.
Azərbaycanda milli-mədəni irsin qorunması, təbliği, inkişafı, onun tədris prosesinə daxil edilməsi istiqamətində həyata keçirilən uğurli mədəniyyət və təhsil siyasəti mütəxəssislər qarşısında ənənəvi aşıq sənətinə dair yeni və müasir tələblərə uyğun dərs vəsaitlərinin yazılması vəzifəsini qoydu. Etiraf etməliyik ki, incəsənət yönümlü ali təhsil müəssisələrində uzun illər aşıq musiqisinə dair yeganə vəsait kimi sənətşünaslıq namizədi Ə.Eldarovanın monoqrafiyasından və bir neçə məqaləsindən istifadə olunurdu. Bu materiallar isə bir neçə onillik önçə yazıldığından, bəzən onların əldə olunmasında çətinlik yaranırdı. Bu zəruri ehtiyacı ilk olaraq professor T.Məmmədovun aşıq sənətinə dair yeni dərs vəsaitləri aradan qaldırdı.
“Azərbaycan ənənəvi aşıq havaları” (1989, rus dilində) “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti” (2002), “Azərbaycan klassik aşıq havaları” (2009), “Koroğlu aşıq havaları” (2010) dərs vəsaitləri ali musiqi təhsili verən tədris müəssisələrində müəllim və tələbələr tərəfindən geniş istifadə edilməkdədir. Bu dərsliklərdə aşıq havalarının müxtəlif aspektlərdən nəzəri təhlilinə də ətraflı yer verilmişdir ki, bu da musiqişünaslıq və etnomusiqişünaslıq ixitaslarının tədrisində tələbələrin nəzəri-təhlili biliklərinin formalaşmasına xidmət edir.
Professor Tariyel Məmmədov aşıq sənəti haqqında “Azərbaycan aşıq yaradıcılığı” (“Apostrof”, 2011) adlı ilk fundamental dərsliyin müəllifidir. Məlum olduğu kimi, dərsliyin yazılması çoxillik pedaqoji təcrübəyə, zəngin mütəxəssis biliyinə, müasir tədris metodikalarına bələdliyə əsaslanır. Lakin bütün bu tələblərə cavab verməklə yanaşı, dərslik fənn proqramına da tam cavab verməli, keçilən fənnin keyfiyyətli mənimsənilməsi, fənn üzrə əhatəli məlumat və biliyin verilməsi məqsədi daşımalıdır. Bunlardan əlavə, dərslik elə üslubda, dildə yazılmalıdır ki, məlumat və bilik bazası kimi asan qavranılan, tez mənimsənilən olsun.
“Azərbaycan aşıq yaradıcılığı” müasir təhsil və tədrisin tələblərinə cavab verən yüksək səviyyədə yazılmış dərslikdir. Dərsliyin elmi redaktoru AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovadır. Redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru C.Həsənova olan dərsliyə Xalq artisti, sənətşünaslıq doktoru, professor R.Zöhrabov, sənətşünaslıq doktoru, professor G.Mahmudova, Əməkdar incəsənət xadimi, professor V.Əbdülqasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru E.Hüseynova rəy vermişlər.
Dərslik bir çox yenilikləri ilə diqqəti cəlb edir. Ustad aşıqların ifasında 60 ənənəvi aşıq havasının və 80 havanın notu yazısının 2 ədəd SD formatda dərsliyə əlavə edilməsi ilk növbədə müəllim və tələbələrə tədris olunan “Aşıq sənəti” fənnində kursun əhatəli, tam şəkildə öyrədilməsi, musiqi materialının mənimsənilməsi, aşıq havalarının qavranılması və yadda saxlanılması, onların eşitmə ilə təyin oluna bilməsi üçün olduqca qiymətli və əvəzsiz bir praktik-əyani vəsaitlərdir. Disklərdə toplanılmış havalar və notlar tədrisdə keçilən mühazirə, seminar mövzuların və təhlil saatlarına tam cavab verirlər. Digər tərəfdən, ənənəvi havaların bu disk vasitəsilə dərs zamanı dinlənilməsi gənc tələbələrdə milli musiqi irsinə maraq və həvəs yaratmaqla yanaşı, onların gələcək mütəxəssis hazırlığında da vacib amil kimi çıxış edir. Dərsliyin səslənən ifaların toplusundan və havaların not toplusundan ibarət olan SD-lərlə təmin olunması nəticəsində müəllim və tələbələr onların kənarda axtarılması üçün əlavə vaxt itkisinə də yol vermirlər. Bu baxımdan, oxucuların diqqətini dərsliyin yeni cəhətlərinə cəlb etmək istəyirəm: 1. Aşıq yaradıcılığı haqqında ilk dərslikdir; 2. Dərsliyə fənnin məzmununu əhatə edən testlər daxildir; 3. Dərsliyə əyani vəsait kimi not yazıları, fotolar, arxiv materialları əlavə olunmuşdur; 4. Dərsliyə əlavə olunan iki diskə 80 aşıq havasının notları və 60 aşıq havasının ifası toplanılmışdır. 5. Bütün bunların nəticəsində dərslik müasir multmedia səciyyəsi daşımışdır.
Çoxsaylı və vacib əyani vəsaitlərlə təmin olunan 648 səhifədən ibarət dərsliyin məzmunu da geniş olmaqla, aşıq yaradıcılığına dair əhatəli bilik və məlumat verilməsinə yönəlib. Mündəricatdan da göründüyü kimi, dərslik 33 mühazirədən, 9 əlavə hissədən ibarətdir. Oxuculara aydın olsun deyə, bəzi mühazirə mövzularını təqdim edirik: “Aşıq yaradıcılığının xalq-professional musiqi sənəti kimi şərhi”, “Şifahi ənənəli sənətdə “xalq yaradıcılığı” və “professional yaradıcılıq” bölgü sistemi”, “Aşıq və muğam sənətinin qarşılıqlı əlaqəsi”, “Şifahi ənənəli musiqinin yazıya alınması metodikası”, “Aşıq yaradıcılığına dair tarixi məlumat”, “Aşıq yaradıcılığında təbəqələşmə”, “Aşıq sənətində terminlər sistemi”, “Aşıq poeziyasında metrik sistemlər”, “Aşıqların musiqi aləti – saz”, “Dastan yaradıcılığı”, “Koroğlu dastanı”, “Koroğlu” dastanının variantları”, “Koroğlu instrumental havaları”, “Epik havaların ifaçılıq xüsusiyyətləri”, “Koroğlu havalarının tipologiyası”, “Məhəbbət dastanları”, “Aşıq sənətinin bəstəkar yaradıcılığında təcəssümü” və c. Bundan başqa, dərsliyə aşıq havalarınını məqam əsası, melodikası, metr-ritm xüsusiyyətləri, havanın və şeirin vəzn əlaqəsi, aşıq yaradıcılığı ilə bağlı tədqiqatlar haqqında ayrıca mühazirələr daxil edilmişdir.
Doqquz “əlavə” bölmələrinə daxildir: 1. “Azərbaycanın görkəmli musiqi xadimlərinin – ənənəvi musiqinin ilk nota yazanlarının şəkilləri”; 2. “Koroğlu aşıq havalarının not yazıları irsi”; 3. “Aşıq havalarının cədvəli”; 4. “Ustad aşıqların şəkilləri”; 5. “Azərbaycan klassik aşıq havaları”; 6. “Koroğlu aşıq havaları”; 7. “Koroğlu türk aşıq havaları”; 8. “Türkmən baxşı havaları”; 9. “Əminə Eldarovanın “Azərbaycan aşıqlarının musiqi-poetik terminoloji lüğəti”.
Dərsliyin bir qiymətli cəhəti də 5-8-ci əlavələrin özündə 81 aşıq, baxşı havasının not nümənələrini əhatə etməsidir. Maraqlıdır ki, müəllif bu not nümənələrinə Türkiyə aşıqlarının 13 Koroğlu havasının, türkmən baxşılarının 2 havasının yazılarını da əlavə etmişdir. Bu havaların ifası və not yazıları vasitəsilə tələbələrimiz türk dünyasının aşıq-baxşı musiqisinə daha yaxından bələd ola biləcəklər. Dərslik zəngin biblioqrafiya, notoqrafiya, diskoqrafiya və saytoqrafiya ilə də təmin olunmuşdur.
Etnomusiqişünas-mütəxəssislər, aşıq tədqiqatçıları, təcrübəli musiqi müəllimləri tərəfindən yüksək qiymətləndirilən bu dərslik “Aşıq sənəti” fənninin tədrisində, aşıq irsinin öyrənilməsində, kadrların tərbiyəsində öz yüksək dəyərini və əhəmiyyətini daim saxlayacaq, müəllim və tələbələr üçün hər zaman aktual, müasir və faydalı olacaq.
Azerbaycan Aşıq Yaradıcılığı-Taryel Memmedov-2011-325s | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 20.86 MB | نوع فایل : Pdf | دیده شده : 475 | گزارش خرابی |